Arıqlamaq üçün daha az yeməli və daha çox hərəkət etməlisiniz. Lakin
bizim qida seçimimizin və fiziki aktivliyimizin bir çox aspektləri
bizim iradəmizdən kənar olan mürəkkəb fizioloji sistemlərlə idarə
olunur.
Hər gün yüzlərlə böyük və kiçik qərarlar qəbul edirik. Bu qərarların
bir çoxu yaxşıdır, amma bəzən daha sonra yanlış qərar qəbul etdiyimizi
başa düşürük. Bəzən biz hətta qərar qəbul etdiyimiz zaman onun yanlış
olduğunu bilirik.
Bu, xüsusilə yeməklə bağlı qərarlarımıza aiddir. Biz hədəflədiyimiz
çəkiyə çatmadıqda aldığımız qərarlara görə özümüzü günahlandırırıq.
Biz daha az yeməyə və daha çox hərəkət etməyə çalışırıq, amma
istədiyimiz nəticəyə hər zaman nail olmuruq.
Tanınmış davranış iqtisadçısı Daniel Kanemana görə, bizim
qərarlarımızda şüurumuzun təsiri düşündüyümüzdən daha azdır. Əslində
bir çox qərarları biz fərqində olmadan qəbul edirik.
O, bunu sistem 1 düşüncəsi adlandırır. Məsələn, dolabdan köynəyi
götürmək və ya ayaqqabı bağlarını bağlamaq kimi sürətli və
düşünülmədən verilən intuitiv qərarlar.
Sistem 2 fərqli işləyir. Məsələn, xüsusi bir gün üçün paltar
seçərkən dostlarınızdan məsləhət alıb çox vaxt sərf edə bilərsiniz. Bu
sistem 2 düşüncəsidir - yavaş və düşünülmüş.
Çəki və iştahanın tənzimlənməsinə gəldikdə sistem 1 və sistem 2 necə işləyir?
Bir çox insan arıqlama məqsədilə uzun müddət inadla yemək
istədikləri qida haqqında düşünürlər. Bu o demək ola bilər ki, onlar
pəhriz edir və ya ikinci porsiyanı qəbul etməkdən imtina edirlər.
Çoxlarının iradə gücü kimi düşündüyü məhz budur. İradə gücü sistem
2-nin tənzimləməsi əsasında işləyir.
Ancaq sistem 1 çəki hədəflərimizə nail olmağımıza mane olur. Bu
proses artıq aktual olmayan “həyatda qalma oyunu”nun qaydaları ilə
tənzimlənir. “Həyatda qalma” qaydaları yüksək kalorili məhsulların
istehlakına üstünlük verir və bizi arıqlamaqdan qətiyyətlə qoruyur.
Elm sübut edib ki, əgər biz arıqlamaq və bu çəkini saxlamaq
istəyiriksə, iradə gücü lazım olan heç də yeganə amil deyil. Əslində,
o, çəkinin tənzimlənməsində bizim düşündüyümüzdən daha az rol oynayır.
Çəkiyə bir çox proses nəzarət edir və onların bəziləri bizim şüurlu
nəzarətimizdən kənar baş verir. Buna görə də, Luiziana Dövlət
Universitetinin tədqiqat qrupunun fikrincə, bir çox mexanizmlərin
aradan qaldırılmasına yönəlmiş terapiya metodlarının və yanaşmaların
birləşməsi piylənməyə qarşı mübarizənin ən effektiv üsulu ola bilər.
Xoşbəxtlikdən, bunu tək etməli deyilsiniz. Fərdi müalicə planının
hazırlanması üçün həkiminizə müraciət edin. Bu, fiziologiyanızın sizin
xeyrinizə işləməyə məcbur etmək üçün ilk addımdır.